HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

Əsl Dindarlar və Saxta Dindarlar


De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” De: "Bəs öyüd alıb düşünməyəcəksiniz?" De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs çəkinməyəcəksiniz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs necə olur ki, sehrlənirsiniz?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! (Muminun surəsi, 84-90)

Kitabın əvvəlində verilən nümunəyə geri qayıdaq. Şəhərdə, digər insanlardan hər cəhətdən fərqlənən bir qrup insan olduğunu vurğulamışdıq. Həmin bu insanlara, şəhərin digər sakinlərinin əhəmiyyətli bir hissəsinin pis gözlə baxdıqlarını, onların əleyhində hərəkət etdiklərini ifadə etmişdik. Həmin bir qrup insanın isə, özlərinə, o şəhərin və digər hər şeyin sahibinin çatdırdığı bir kitabı rəhbər tutduqlarını söyləmişdik.


Həmin insanlar Allahın verdiyi ada əsasən müsəlmandırlar:


Allah yolunda lazımınca cihad edin (səy göstərin). O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə dosdoğru namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc surəsi, 78)

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? (Fussilət surəsi, 33)

Burada diqqət yetirilməsi lazım olan bir xüsus var: Digər insanların möminlərə yaxşı gözlə baxmamaları... Nümunədə izah edilən şəhərin "cahil bir şəhər" olduğunu ifadə etmişdik. Bir cəmiyyətin "cahiliyyət" cəmiyyəti olması, onun dinsiz bir cəmiyyət olduğu mənasını verməz. Tam əksinə, Quranda izah edilən "cahiliyyət" cəmiyyətləri guya özlərini "dindar" hesab edərlər. Amma bağlı olduqları din, haqq din deyil. Yaşadıqları, atalarından qalan, bir çox batil inanc və xurafata əsaslanan, israrla davam etdirdikləri və doğru olduğunu zənn etdikləri azğın bir din anlayışıdır. Quranda, "cahiliyyət" cəmiyyətinin bu xüsusiyyəti belə vurğulanır:


Onlara: “Allahın nazil etdiyinə itaət edin!” deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına çağırmışsada mı (bu yolu tutub gedəcəklər)? (Loğman surəsi, 21)

"Cahiliyyət" cəmiyyətinin ən əhəmiyyətli xüsusiyyəti isə, müdafiə etdiyi bu batil sistemi Allah üçün müdafiə etməsidir. Bu səmimiyyətsiz bir şeydir və "cahiliyyət" cəmiyyətinin üzvlərinin Allaha qarşı bağlılıqları yoxdur. Amma bu cəmiyyətin bəzi üzvləri, ən əsası da öndə gələnləri, dindar imici nümayiş etdirərlər. Belə ki, Allahın bir peyğəmbərini öldürmək kimi Allah Qatında ola biləcək ən böyük günahı işləyərkən belə, Allaha and içərlər:


Şəhərdə doqquz adam vardı, yer üzündə fitnə-fəsad törədir və əmin-amanlıq yaratmırdılar. Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml surəsi, 48-49)

"Cahiliyyət cəmiyyəti"ndə Quranı bilən, Qurana tabe olacaqlarına dair söz vermələrinə baxmayaraq, "dünyanın müvəqqəti faydasını" seçərək öz mənfəətlərini güdən bir qrup da vardır. Bütün bu etdikləri ikiüzlülüyə baxmayaraq, özlərini "nümunəvi müsəlman" kimi göstərərlər:


Onlardan sonra Kitaba varis olan bəzi pis insanlar gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” deyirlər. Onlara buna bənzər mənfəətlər gəldikdə, onu da alırlar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Allahdan qorxanlar üçün axirət yurdu daha xeyirlidir. Hələ də anlamırsınız? (Əraf surəsi, 169)

Belə olduqda, bir insanın və ya bir qrupun mömin olub olmadığını anlamaq bir qədər daha diqqətli bir müşahidə tələb edir. Çünki bir insanın ağzından (yuxarıdakı ayədən də açıq şəkildə görüldüyü kimi) İslami sözlərin çıxması, o insanın dini sözlərlə danışması onun həqiqi mənada müsəlman, mömin olduğunu göstərməyə bilər. Yuxarıdakı ayədə izah edilən insanların bir istisna olduğu zənn edilə bilər. Ancaq Quran ayələri bunun belə olmadığını göstərir. Bir çox ayədə, mömin olduğunu irəli sürdüyü halda, əslində mömin olmayan, hələ bir də, olduqca pis bir mövqedə olan insanlardan bəhs edilir:


İnsanlar arasında elələri də vardır ki, inanmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 8-10)

Başqa ayələrdə, haqqında danışılan "saxta dindar"ların, özlərinə verilən suallara belə cavablar verdikləri bildirilir:


De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda siz yenə də Allahdan qorxub çəkinməyəcəksiniz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Bəs hələ necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)

Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!” deyərlər. Onda necə olur da haqdan döndərilirlər!. (Zuxruf surəsi, 87)

Yuxarıdakı ayələr, bir insanın əsl mömin ola bilməsi üçün tələb olunan meyarların, cahiliyyət cəmiyyətindəki saxta "dindar" meyarlarından fərqli olduğunu göstərir. Allah Quranda əsl möminlərin hansı xüsusiyyətlərə sahib olduğunu təfərrüatlı şəkildə bildirmişdir. İndi bu xüsusiyyətləri araşdırmaqda fayda var.



<< Geri <<