HƏQİQƏTİ  DÜŞÜNDÜNÜZMÜ?

Biz ayələri öyüd alıb düşünən bir qövmə bir-bir izah etdik. (Ənam surəsi, 126)

Möminlərin Əsl Yurdu: Cənnət

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun Elçisinə iman gətirənlər üçün hazırlanmış Cənnətə qovuşmaq üçün səy göstərib bir-birinizlə yarışın. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)

Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35)

Möminlərin əbədi yurdu cənnətdir. Allah, dünyada gördükləri işlərin qarşılığını onları cənnətində qonaq qəbul edərək verəcək. Cənnət, insan ruhunun istədiyi hər şeyi, hətta ayələrin bildirdiyinə görə daha da çoxunu özündə saxlayan gözəlliklər məkanıdır. Allahın Rəhim adının ən gözəl formalarıyla ortaya çıxdığı əbədi bir yurddur.

Peyğəmbərimiz (s.ə.v) də bir hədisində dünya həyatının yanında, cənnətin insan üçün necə böyük bir nemət olduğunu belə bir nümunə ilə açıqlamışdır:


Cənnətdə yay qədər bir yer, Günəşin üstündə doğulduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. [Kütüb-i Sitte-14, səh.429/2]

İnsan bu mövzuda heç bir məlumatı olmasa belə, dünya həyatının çatışmazlıqlarını və nəfsindəki nemətlərə qarşı duyduğu həsrəti azacıq düşündüyündə, bu həqiqəti asanlıqla anlaya biləcək. Çünki Allah, dünya həyatının əsl həyat olmadığının başa düşülməsi məqsədiylə insan üçün bir çox dəlil yaradır. İnsan demək olar ki, hər gün başda öz bədənində olmaqla, dünya həyatının əskiklikləriylə qarşılaşır. Yalnız həyatda qala bilmək üçün belə, çox sayda tədbir görmək məcburiyyətindədir. Azacıq biganə yanaşdığında xəstəliklərlə, yaralanma hallarıyla və hətta ölümlə üz-üzə gələ bilir. Ömrünün böyük hissəsini bədəninin acizliklərini aradan qaldırmağa ayırar. Ancaq bütün bu səyə baxmayaraq, illər keçdikcə bədəni xeyli korlanar. İnsan bədəni kimi, ən gözəl çiçəklər belə zamanla solar; ən gözəl rəngli, ən xoş qoxulu güllər, lalələr, bənövşələr çürüyüb xarab olar. Ən ləzzətli və ən təzə görünüşlü meyvələr, tərəvəzlər qısa müddət ərzində çürüyüb yeyilə bilməyəcək hala gələr. Ən ehtişamlı evlər, əşyalar, avtomobillər zamanla köhnələr, sıradan çıxar.

Bu sayılanlar insanın dünya həyatında üzləşdiyi milyonlarla əskiklikdən sadəcə bir neçəsidir. Lakin sadəcə bunlar belə, insanın həsrət duyacağı əsl yerin dünya olmadığını anlaması üçün kifayətdir.

İnsan bütün bu çatışmazlıqlar qarşısında gizlində, daim mükəmməlliyi, bu çatışmazlıqların heç birinin olmadığı bir dünyada yaşamağı istəyər. Xəstəliklərin, ölümlərin, müharibələrin, döyüşlərin, pisliklərin, çatışmazlıqların, çətinliklərin heç yaşanmadığı bir dünyanın həsrətini çəkər. Bu məqsədlə də, heç bir problemin olmadığı xoşbəxt bir həyatı dünya şərtlərində meydana gətirə bilməyin yollarını axtarar. Halbuki, Allah, Quranda insanlara bu həyatı ancaq cənnətdə yaşaya biləcəklərini bildirmişdir. İnsanın bunun üçün etməsi lazım olan şey isə, olduqca asandır: Rəbbimizin rizasına uyğun bir ömür sürmək. Bundan sonra da (Allahın izniylə) öz istəklərindən və xəyal edə bildiyindən xeyli üstün, qüsursuz və sonsuz xoşbəxtliklə dolu bir həyatla qarşılaşacaq.

Dünya üzərindəki hər şey Allahın yaratmasıyla mövcud olmuşdur və Allah cənnətində də bunlardan istədiklərini yaradacaq. Allahın istəyi ilə cənnətdəki "köşklər" dünyanın ən "ultra-müasir" villasından olduqca üstün olacaq. Gözəllikləri təriflənən cənnət geyimləri, ən məşhur fransız və ya italyan moda evlərinkilərdən olduqca keyfiyyətli və estetik görünəcək. "Huri"lər də, mütləq ərəb hərəmxanalarından çıxmış qadınlar kimi deyil, dünyanın ən gözəl qadınlarından daha cazibədar olaraq yaradılacaq.

Allah cənnətdəki mühiti izah edərkən hər dövrün insanlarının başa düşə biləcəyi gözəllikləri sadalayır. Bununla yanaşı adətən bilinməyən bir cənnət xüsusiyyəti də vardır. Bu, Allahın; "orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey vardır. Siz orada əbədi qalacaqsınız" (Zuxruf surəsi, 71) ayəsiylə bildirdiyi həqiətdir. Ayə, cənnətdə insanın istədiyi hər şeyin olduğunu xəbər verir. Başqa bir ayədə isə; "orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır" (Qaf surəsi, 35) ifadəsi yer alır. Bu ayələrdən insanı sevindirən, güldürən və əyləndirən şeylərin (dünyadakılara bənzər və ya fərqli formalarda) cənnətdə mövcud olacağı, insanın ağlına gələ biləcək bütün arzularının artıqlamasıyla təmin ediləcəyi aydın olur.

Cənnətdə mömin inanılmaz şəkildə qonaq qəbul ediləcək. Rəhman surəsində cənnətlə əlaqədar olaraq bunlar xəbər verilir:


Rəbbinin məqamından qorxanları iki Cənnət gözləyir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Növbənöv "incəliklərə və gözəlliklərə" (və ya hər növdəki sıx ağaclara) sahibdirlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
İkisində də iki axar bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
İkisində də hər meyvədən qoşa-qoşa vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Orada gözlərini təkcə öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Onlar sanki yaqut və mərcandırlar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Bu ikisindən başqa daha iki Cənnət də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Hər ikisi tünd yaşıldır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
İkisində də fəvvarə vuran iki bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
İkisində də cürbəcür meyvələr, bənzərsiz xurma və bənzərsiz nar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Orada gözəl xasiyyətli, gözəl qızlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Otaqlar içində qorunmuş huri qadınlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Onlardan əvvəl özlərinə nə bir insan, nə də bir cin toxunmuşdur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Onlar yaşıl yastıqlara və olduqca gözəl döşəklərə dirsəklənəcəklər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?
Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir. (Rəhman surəsi, 46-78)

Başqa ayələrdə də cənnətlə əlaqədar bu məlumatlar verilir:


Cənnətdə hara baxsan nemət və böyük bir mülk görərsən. (İnsan surəsi, 20)

Onlar orada taxtlar üzərində dirsəklənmişlər. Orada nə günəş, nə də şaxta görəcəklər. (İnsan surəsi, 13)

Orada faydasız söz eşitməyəcəkdir. (Ğaşiyə surəsi, 11)

Yanlarında baxışlarını yalnız öz ərlərinə çevirmiş iri gözlü qadınlar vardır. Özü də qorunub saxlanılmış yumurta kimi (valehedici və mükəmməl) qadınlar. (Saffat surəsi, 48-49)

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir bezginlik toxunacaqdır!”. (Fatır surəsi, 34-35)

Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. (Zumər surəsi, 20)

Haqq-hesab çəkildikdən sonra Allahın saleh bəndələrinə belə səslənəcək:


“Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr Surəsi, 27-30)



<< Geri <<